Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Şahin Diniyev: "Portuqaliya yığması Türkiyə millisindən bir az üstündür"
"Düşünürəm ki, Portuqaliya yığması keyfiyyət baxımından Türkiyə millisindən bir az üstündür".
Bunu "Report"a açıqlamasında "Səbail"in baş məşqçisi Şahin Diniyev Almaniyada təşkil olunan Avropa çempionatının F qrupunda bu gün keçiriləcək matçla bağlı danışarkən deyib.
57 yaşlı mütəxəssis hər iki yığmanın sərgilədiyi oyun və keyfiyyət baxımından ortasəviyyəli komanda olduğunu söyləyib:
"Onların göstərdiyi oyun Fransa, Almaniya və İspaniya ilə müqayisə oluna bilməz. Hətta Avstriya yığmasından da aşağı səviyyədədir. Amma nəzərə almaq lazımdır ki, AVRO-2024-də bir qarşılaşma keçiriblər. Hər kollektiv ilk görüşlərdə ehtiyatlı davranır, ikinci oyunda isə daha sürətli və keyfiyyətli oynamağa çalışır. Çünki birinci matçı uduzmamaq onlar üçün çox vacibdir. Buna görə Türkiyə və Portuqaliya yığmaları ilk görüşlərdə ehtiyatlı oldular".
Ş.Diniyev Portuqaliya millisinin ulduz futbolçusu Kriştianu Ronaldu haqqında da danışıb:
"O, komandanın lideridir. Ancaq hazırda çox da təhlükəli deyil. Yığmanın orta xətti isə kifayət qədər güclüdür. Türkiyə seçməsi haqqında mənfi və ya müsbət nəsə demək çətindir. Gürcüstanla matçda müdafiədə çoxlu boşluqlar göründü. Hücumda da "dişsizlik" var. Sırf forvardla oynamırlar. Bu gün Türkiyə və Portuqaliyanın nəyə qadir olduğunu görəcəyik".
Qeyd edək ki, Türkiyə - Portuqaliya oyunu Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
"AVRO-2024" teqi üzrə xəbərlər
- UEFA narkotik istifadəsində şübhəli bilinən ingiltərəli hakimlə bağlı araşdırmalara başlayıb
- Ronaldu "AVRO-2024"də yerinə yetirə bilmədiyi penaltidən sonra ağlamasının səbəbini açıqladı
- İspaniya ilə Argentina milliləri arasında keçiriləcək "Finalissima" matçının tarixi bəlli olub
- Avropa çempionatına ev sahibliyi edən Almaniyanın gəliri bəlli olub
- Yann Zommer milli komandadakı karyerasını başa vurdu
Rəylər