Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Şahin Diniyev "Səbail" klubunun rəsmilərindən sponsora şikayət edib?
"Səbail" futbol klubunda növbəti dəfə gərginlik yarandığı və komandanın baş məşqçisi Şahin Diniyevin klub rəsmilərindən şikayət etməsi ilə bağlı xəbərlər yayılıb. İki ilə yaxındır, "dənizçilər"i çalışdıran mütəxəssisin klubun himayədarı olan "Xəzər Dəniz Gəmiçiliyi"nin (ASCO) rəhbər şəxsləri ilə əlaqə saxlayaraq, idman direktoru Firuz Abdulla və onun köməkçisi Zamiq Əliyevdən şikayətləndiyi bildirilib.
Xəbərlərdə əlavə olaraq, Diniyevin sözügedən şəxslərin onun normal fəaliyyət göstərməsinə mane olduqlarını və iş prosesində problemlər yaratdığını dediyi iddia olunub.
"Səbail" klubunun Mətbuat Xidmətinin rəhbəri Rəşad Məmmədov bununla bağlı Oxu.Az-ın sorğusuna cavabında bildirib ki, deyilənlər həqiqəti əks etdirmir:
"Tamamilə yanlış informasiyadır. Əla hazırlıq dönəmi keçdik, artıq bu gün vətənə qayıdırıq. Klubda baş məşqçi və futbolçular arasında heç bir problem yoxdur. Klub rəsmiləri ilə baş məşqçi arasında da hər hansı anlaşılmazlıq yoxdur. Tamamilə əsassız yazılardır".
Anar Həsənov
Rəylər