Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Neftçi” evdə Çernoqoriyanın “Mladost” klubunu qəbul edəcək.
Oxu.Az xəbər verir ki, “flaqman”ın baş məşqçisi Samir Əliyev oyundan 1 gün öncə mətbuat konfransı keçirirb.
“Bildiyiniz kimi, klub öz strateqiyasını dəyişib, və üstünlüyü daha gənc futbolçulara verir. Bizdən 10 futbolçu uzaqlaşdı. Sabah meydana sizə tanış olmayan futbolçular çıxacaq.
İyun ayında 3 yoxlama görüşü keçirdik. Bütün oyunçuları yoxlayıb güclü və zəif cəhətlərini gördük. Futbolçularımızın potensialı var. Çalışacağıq onların gücündən istifadə edək.
Bilirəm ki, çoxları heyətdə gənc oyunçular və məşqçinin olduğu üçün, “Neftçi”yə inanmır. Lakin tezliklə hər şeyi özünüz görəcəksiniz. “Mançester Yunayted” Ser Aleks Ferqusonun gedişindən sonra iki ildir ki uğursuz çıxış edir. Lakin azərkeşlər komandalarının uğuruna inanırlar. Bizdən isə fanatlar 10-12 gün ərzində yüksək nəticə tələb edirlər.
Biz “Mladost”un güclü və zəif tərəflərini öyrənmişik. Qələbə üçün əlimizdən gələn hər şeyi edəcəyik”.