Almaniyanın “MixFight” döyüş təşkilatının rəhbəri Səfər Göktəpənin Oxu.Az-a müsahibəsi:
– Zabit Səmədovla Ceyms MakSvininin aprelin 11-nə Bakıya planlaşdırılan döyüşü koronavirusa görə təxirə salındı. Bu döyüşün yeni tarixi bəllidirmi?
– Bizə Bakıdan Gənclər və İdman Nazirliyi mayın 6-da ölkədəki son durumu bildirməlidir. Biz təşkilat olaraq bu turniri avqusta planlaşdırırıq. Amma Azərbaycanda və Avropada hava limanlarının nə vaxt açılacağını da gözləyirik.
Döyüş 2021-ci ildə, məsələn, yanvarda da ola bilər. Avropada da eyni problemlə qarşılaşmışıq. Hava sərhədlərinin bağlı olma müddəti iyunun 14-dək uzadıldı. Amma ümumilikdə Almaniyada vəziyyət yaxşıdır. Bazar ertəsindən məktəblər açılacaq. Yavaş-yavaş digər Avropa ölkələri ilə də gediş-gəliş olacaq.

– Bu turnirdə Zabitlə MakSvinidən başqa, digər idmançıların sayı və adları açıqlanmayıb. Döyüşlər hansı sayda və formatda keçiriləcək?
– Biz döyüş kardını dəyişdirəcəyik. Orada təsnifat turları olacaq. İki – yüngül və ağır çəki kateqoriyası üzrə yarış keçiriləcək. Burada hər çəki kateqoriyası üzrə qalib olan iki idmançı Frankfurtda final döyüşünə çıxacaq, qalib olan pul mükafatı və kəmərə sahib olacaq. Zabitin döyüşü özəl qarşılaşma sayılacaq. Gecənin döyüşü kimi Azərbaycanın milli idmançısı rinqə çıxacaq.
– Bakıdakı turnirdə neçə idmançı olacaq?
– 20.
– Təsnifat turnirində Azərbaycandan da idmançı olacaqmı?
– Olacaq. Biri yüngül, digəri ağır çəkidə yarışacaq. Daha bir azərbaycanlı idmançı ehtiyat üçün nəzərdə tutulub.

– Zabitin karyerasının son döyüşü 2018-ci ildə olmalı idi. Döyüşün iki il uzanması nə ilə bağlı idi?
– Biz bu döyüşü Frankfurtda keçirmək istəyirdik. Amma Zabitlə tam razılığa gələ bilmədik. O dedi ki, bu döyüşü ölkəmdə – Bakıda keçirmək istəyirəm. Ona görə də bu razılaşmanın əldə olunması bir xeyli sürdü. MakSvini 2018-ci ilin yanvarın 27-də İzmirdə rinqə çıxıb ona döyüş təklif edəndə Zabit döyüşə hazır deyildi. Orada Zabit dedi ki, sən mənim tayım deyilsən. Bundan sonra MakSvini bir xeyli döyüş keçirdi. Zabit məhz bundan sonra dedi ki, görürəm, bu qədər məşhur idmançılarla döyüşürsən, mən səninlə döyüşməyə hazıram. Ondan sonra mən də Bakıya gəlib Zabitlə bu döyüşün məkanı barədə anlaşdım.
– Əvvəllər Bakıda yarış keçirmisiniz, yoxsa bu, ilk təşkilatçılığınız olacaqdı?
– Azərbaycan bizim ikinci ölkəmizdir. Özüm Azərbaycana beş dəfə gəlmişəm. Başqa təşkilatçıların Bakıda keçirdiyi yarışlar üçün idmançılar gətirmişəm. İki dəfə isə Azərbaycanda yarış keçirmişəm. Biri Bakıda, biri də Dağıstana yaxın olan Qəbələdə olub.
Özüm Pərviz Abdullayevlə yaxın dostam, həmişə zəngləşirik. O, hələ peşəkar döyüşlərə çıxmazdan əvvəl onu tanıyırdım. Ümumiyyətlə, Azərbaycan, Dağıstan, çeçen döyüşləri sərt, güclü olduqları üçün daim onları diqqətdə saxlayırıq.
Avropadan belə sərt döyüşçülər çıxmır. Bakıda Zabit Səmədovun döyüş məktəbində olanda da məşqləri izlədim və gördüm ki, yaxşı döyüşçülər var.

Səbuhi Musayev