Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Sumqayıt şəhər stadionunda qazın kəsilməsi məsələsindəki detallar
"Misli Premyer Liqasının VII turunun "Sumqayıt" - "Zirə" oyununda Əsasnamənin tələbləri pozulduğuna görə "Sumqayıt" komandası 500 manat cərimə edilib".
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat katibi Elnur Məmmədli bildirib.
"Bu da AFFA İntizam Məcəlləsinin tələblərinə əsasən verilmiş cərimədir. Ev sahibi komanda öz futbolçuları ilə yanaşı, rəqib klubun oyunçularını da isti su ilə təmin etməlidir", - deyə E.Məmmədli bildirib.
Qeyd edək ki, digər problem ondan ibarətdir ki, Belarusun "Dinamo Minsk" klubu UEFA Konfrans Liqasındakı ev oyunları məhz Sumqayıtda keçirəcək. Minsk təmsilçisi Şotlandiyanın "Harts" klubunu məhz Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda qəbul edəcək. Lakin belaruslular hələ ki, su problemindən xəbərsizdirlər. Əgər o zamana qədər məsələ həllini tapmasa, UEFA bu dəfə "Dinamo Minsk" klubunu cərimələyəcək.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun qazı külli miqdarda borc səbəbindən kəsilib.
Həmin borcun isə kim tərəfindən ödənəcəyi isə hələ də bəlli deyil.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq "Sumqayıt" futbol klubunun mətbuat katibi Zaur Xudiyev bildirib.
Zaur Xudiyevin sözlərinə görə, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun qaz borcunun komandaya heç bir aidiyyəti yoxdur.
"Ayda iki oyun keçirməklə bu qədər borcun yığılması mümkün deyil. Biz oyunlarımızı bu stadionda keçirməyə başlamazdan öncə bu borc yığılıb, qalıb. Biz istəsək belə, bu borcu ödəyə bilmərik. Borc isə stadionu tikən İcra Hakimiyyətinə və Gənclər və İdman Nazirliyinə aiddir. Bu iki qurum arasında təhvil-təslim yekunlaşdıqdan sonra borc məsələsi həll olunacaq. Biz isə "Sumqayıt" klubu olaraq borc sıfırlandıqdan sonra orada neçə oyun keçirəcəyiksə və nə qədər qazdan istifadə edəcəyiksə, pulumuzu da ödəyəcəyik", - deyə Z.Xudiyev bildirib.
Xatırladaq ki, AFFA İntizam Komitəsi borcun ödənmədiyinə görə klubu hər oyun 500 manat cərimə edib və futbolçular soyuq su ilə duş qəbul etmək məcburiyyətində qalıblar.
Zaur Xudiyev əlavə edib ki, məsələ ilə bağlı ən çox zərərçəkən tərəf komandadır:
"Biz məcburuq ki, əsasnaməyə görə həm öz futbolçularımızın, həm də rəqib komandanın oyunçularının isti su ilə duş almasını təmin edək. Amma stadionun qaz borcu olduğundan bunu təmin edə bilmirik. Borcu da biz ödəyə bilmirik, çünki sahibi biz deyilik. Çıxış yolu da tapa bilmirik. Bu səbəbdən də hər oyun AFFA-ya cərimə ödəmək məcburiyyətindəyik".
Məsələ ilə bağlı "Azəriqaz" İB-yə ünvanladığımız sorğu isə cavabsız qalıb.
Anar Həsənov
Rəylər