“Qarabağ”ın futbolçusu Tarik Əlyunussinin İsveçin AİK klubuna keçidi rəsmiləşib.
Oxu.Az xəbər verir ki, “Olimpiakos”la müqaviləsinə xitam vermiş mərakeşli futbolçu Stokholm klubu ilə bir illik, yəni 2019-cu ilin 31 dekabrınadək müddəti əhatə edən müqavilə bağlayıb.
AİK-in idman direktoru Byörn Veström keçid haqda bunları deyib:
“Tarikin xarakteri və fərdi istedadı, rəqabətədavamlılığı, sürəti və təcrübəsi var. O, bir neçə mövqedə yararlana biləcəyimiz aqressiv oyunçudur. İnanırıq ki, o, hücum və müdafiə zamanı oyunumuzun keyfiyyətini artıracaq, qollar vuracaq. Yanvarın 8-dən Tarik “Qarabağ”da tam hazırlıq keçib və Antalyada iki yoxlama matçında çıxış edib. İndi isə o, bizim Dubaydakı təlim-məşq toplanışımıza qoşulub. Artıq onun keçidi üçün bütün sənədləşmələr başa çatıb”.
Norveç millisinin 29 yaşlı futbolçusu da bu transfer haqda danışıb. Əlyunussi AİK-i seçməsinə aydınlıq gətirib:
“Mən AİK-lə ona görə müqavilə bağladım ki, bu klub titullar qazanmaq və avrokuboklarda qrup mərhələsində oynamaq istəyir. Üstəlik, klubun çılğın azarkeş kütləsi var və bu, mənim xarakterimə uyğun gəlir. Bura keçdiyim üçün şadam və cari mövsümün hazırlıqlarında oyunçu və məşqçi heyəti ilə ağır məşqlərə başlayacağımı səbirsizliklə gözləyirəm”.
Qeyd edək ki, Tarik Əlyunussi AİK klubunda 20 nömrəli formanı geyinəcək.

Səbuhi TOFİQOĞLU
www.oxu.az