"Real Madrid" futbol klubunun sabiq yarımmüdafiəçisi, Almaniya millisinin heyətində dünya çempionu Toni Kroos "Bundestim"in DÇ-2026-nı erkən tərk etməsindən sonra hazırkı yığmanın oyunçularının səviyyəsini sərt tənqid edib.
Oxu.Az bu barədə "Sport1" telekanalına istinadən xəbər verir.
"Hazırda bizim heyətdə dünyasəviyyəli oyunçu yoxdur. Dünyasəviyyəli ulduz olmaq potensialı daşıyan futbolçularımız var, lakin bu, onların həmin səviyyədə olması demək deyil.
Məhz dünyasəviyyəli oyunçular hazırda dünya çempionatındakı matçların taleyini həll edirlər. Bombardirlər siyahısında da məhz onlar yer alıblar. Bizdən isə həmin siyahıda heç kim yoxdur. Dürüst olmaq lazımdır", - deyə o vurğulayıb.
Xatırladaq ki, iyunun 30-na keçən gecə Yulian Naqelsmanın rəhbərlik etdiyi Almaniya millisi dünya çempionatının 1/16 finalında sensasiyalı şəkildə Paraqvaya məğlub olub (1:1, penaltilərlə 3:4).