Meksika Prezidenti Klaudiya Şeynbaum ABŞ-li həmkarı Donald Trampın dəvəti əsasında futbol üzrə dünya çempionatının (DÇ-2026) həlledici qarşılaşmasını izləyəcək.
Oxu.Az xəbər verir ki, bu barədə "Milenio" qəzeti ölkə rəhbərinin açıqlamasına istinadən məlumat yayıb.
"Bəli, bazar günü dünya çempionatının finalına getmək üçün prezident Trampdan dəvət almışam. Birləşmiş Ştatlar rəhbərinin birbaşa dəvəti olduğu üçün orada iştirak etmək qərarına gəldim", - deyə Meksika lideri bildirib.
Dövlət başçısı eyni zamanda əlavə edib ki, final matçında Kanadanın Baş naziri Mark Karni də iştirak edəcək.
Qeyd edək ki, DÇ-2026-nın final görüşü iyulun 19-da Nyu-York yaxınlığında yerləşən İst-Raterforddakı (Nyu-Cersi ştatı) "Metlife" stadionunda baş tutacaq. Kubok uğrunda həlledici oyunda İspaniya və Argentina yığmaları üz-üzə gələcəklər.