"Çəkindiyim futbolçu yoxdur, amma "Qarabağ"ın yaxşı oyunçuları var".
Oxu.Az xəbər verir ki, bu sözləri Niderlandın "Tvente" klubunun baş məşqçisi Con van den Brom UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab qarşılaşması çərçivəsində "Qarabağ"la oyundan əvvəl keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, komanda sürətli futbolçulara sahibdir:
"Qarabağ"ın 2014-cü ildə "Tvente" ilə qarşılaşmasını izləməmişəm. Lakin oyunun nəticəsini bilirəm. Builki "Qarabağ" olduqca güclüdür. Ağdam klubunun gücü, ötən il qazandığı nəticələr bizim üçün əlavə motivasiyadır. "Qarabağ" Konfrans Liqasından daha yüksəksəviyyəli turnirlərə layiqdir".
Baş məşqçi "İstərdinizmi, Niderlandda da futbol hakiminin adına stadion olsun?" sualını belə cavablandırıb:
"Belə bir şeyin olacağına inanmıram. Amma Azərbaycanda kifayət qədər fəxr ediləsi insan var. Otelin qarşısında uşaqları görürük. Burada böyük sevgi var. Ümid edirəm ki, bir gün bizdə də belə hadisələr olacaq və stadionlarımızdan birinə hakimin adı veriləcək".