UEFA bu həftə təşkilatın bayrağı altında keçiriləcək bütün oyunlardan əvvəl bir dəqiqəlik sükut elan edib.
Oxu.Az xəbər verir ki, qərar İspaniyanın "Tenerife" klubunun futbolçusu Xesus de Migelin vəfatı ilə əlaqədardır.
UEFA-nın rəsmi açıqlamasında Avropa futbol ictimaiyyətinin 30 yaşlı hücumçunun itkisinə görə matəm içində olduğu bildirilib. Qurumun prezidenti Aleksander Çeferin də futbolçunun ailəsinə, komanda yoldaşlarına və "Tenerife" klubuna başsağlığı verib.
Xatırladaq ki, De Migel "Tenerife" - "Andorra" matçında rəqib qapıçı Xesus Ovono ilə toqquşduqdan sonra ağır xəsarət alıb. Ürəyi dayanan futbolçuya meydanda tibbi yardım göstərilib və o, xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, idmançı noyabrın 3-də vəfat edib.
Qeyd edək ki, UEFA-nın qərarı bu həftə keçiriləcək Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının qarşılaşmalarını əhatə edir.