"Qarabağ"ın futbolçusu Aleksey Kaşuk Ukrayna klubunun maraq dairəsindədir.
Oxu.Az xəbər verir ki, bu barədə ukraynalı jurnalist İqor Burbas "BurBuzz" "YouTube" kanalında məlumat verib.
Jitomirin "Polesye" klubu 26 yaşlı vingeri heyətinə qatmaq istəyir. Məlumata görə, klub Kaşuku uzun müddətdir izləyir. "Polesye" ötən yay da futbolçunun transferini nəzərdən keçirib. Lakin sonradan sağ cinah mövqeyini "Qarabağ"dan transfer etdiyi Leandro Andrade ilə gücləndirib.
Burbas bildirib ki, "Polesye"nin baş məşqçisi Ruslan Rotan Kaşukun imkanlarına yaxşı bələddir. Onlar əvvəllər Ukraynanın gənclər və olimpiya yığmalarında birlikdə çalışıblar. Buna görə də mütəxəssis futbolçunu komandasında görməyə qarşı deyil.
Qeyd edək ki, Aleksey Kaşukun "Qarabağ"la müqaviləsi 2027-ci il iyunun 30-dək qüvvədədir. Kaşuk bu mövsüm "Qarabağ"ın heyətində 18 oyuna çıxıb, 5 qol vurub və 1 məhsuldar ötürmə edib.