"Qarabağ" Misli Premyer Liqasının XIII turunda "Azərsun Arena"da "Sumqayıt"ı 4:2 hesabı ilə məğlub edib.
Oxu.Az Sportal.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Futbolçularımı təbrik edirəm, göstərdikləri oyuna görə onlara təşəkkürümü bildirirəm. Qarşımızda çox yaxşı komanda var idi. Azarkeşlər üçün maraqlı oyun alındı. Hər iki komandaya uğurlar arzulayıram.
- İki uğursuz seriyaya son qoydunuz - beş oyundan sonra qələbə qazandınız, dörd oyundan sonra qol vurdunuz. Bu seriyaların bitməsi komandanı növbəti matçlara daha yaxşı motivasiya edəcək?
- Çempionatın gedişində belə hallar olur. Buna baxmayaraq, biz öz işimizdən, inamımızdan əl çəkmirdik, həvəslə işləyirdik. Futbolçulara irad bildirmək üçün səbəb görmürəm. Çox çalışqandırlar, məşqlərə intizamlı yanaşırlar. Uğursuz seriyalar olur. Bu qələbə o demək deyil ki, biz həmin seriyaları geridə qoyduq və belə hallar bir daha olmayacaq. Çünki bütün komandalar istənilən rəqibə qarşı çox ciddi hazırlaşırlar. Bilmirik ki, sabah bizi hansı çətinliklər gözləyəcək, rəqib bizə qarşı hansı oyun planını quracaq. Rəqiblər bizə qarşı oyun sistemlərini dəyişirlər, fərqli üslubda oynayırlar. Oyunun gedişində hansısa dəyişikliklər etmək maraqlı olur. Ümumən uğursuz seriyaların bitməsi, dörd qol vurmağımız sevindirici haldır. Amma iki qol buraxmaq bir az ağır gəlir. Bu cür bolqollu oyunlar futbola sevgini artırır.
- Musa Qurbanlı meydana daxil olduqdan qısa müddət sonra qol vurdu. Onun növbəti matçlarda start heyətində yer almaq ehtimalı var?
- Təkcə Musanın deyil, istənilən oyunçunun start heyətində yer almaq ehtimalı yüksəkdir. Qarşıda bizi sıx oyun qrafiki gözləyir. Həm kubok matçı, həm də çempionatın təxirə salınmış oyunu var. Rotasiyalara ehtiyac olacaq. Musanın qol duyumunun olması yaxşıdır. Amma hansısa oyunçunun qol vurması o demək deyil ki, o, start heyətində yer alacaq. Heyəti rəqiblərin oyun üslubuna və oyunun gedişinə uyğun qurmağa çalışacağıq. Həm Musanın, həm də digərlərinin əsas heyətdə oynamaq şansları yüksəkdir.
- Elvin Cəfərquliyev yaşıl meydanlara nə vaxt qayıda biləcək?
- Tam olaraq, yəqin ki, yanvarda. Ümumilikdə bərpa prosesi pis getmir. Bəlkə də, dekabrın sonlarında hansısa oyunda ona şans verə bilərik. Zədəsi bir az təhlükəli idi, əməliyyat olunmuşdu. Bir az ehtiyat edirik. Ancaq ümumilikdə gedişat pis deyil. Özünü yaxşı hiss etsə, dekabrın sonlarında oynaya bilər.
- "Sumqayıt"la kubokda da üz-üzə gələcəksiniz...
- Hər iki komanda üçün şərtlər eynidir. Bəzən qısa müddət ərzində eyni rəqiblə qarşılaşanda müəyyən narahatlıqlar yarana bilər. Kubokun fərqli nüfuzu var. Bəlkə də, ən gözlənilməz nəticələr məhz orada qeydə alınır. Ciddi olmalı və yaxşı hazırlaşmalıyıq.
- "Neftçi", "Sabah" və "Turan Tovuz"un sizdən öndə olması narahatlıq yaratmır?
- Əlbəttə, mövqeyimizdən narahatıq. Daha yaxşı mövqedə ola bilərik. Komandalar avrokuboklara vəsiqə uğrunda ciddi mübarizə aparırlar. Hər görüşə məsuliyyətlə hazırlaşacağıq.