2014-cü ilin fevralında ukraynalı gimnast Oleq Stepko – çox istedadlı idmançılardan biri, Yeniyetmələrin Olimpiya Oyunlarının ikiqat çempionu Azərbaycana gəlib.
Stepko öz ölkəsini qalmaqalla tərk edib – o, Kiyevdə mənzil və ayda 3,5 min dollar maaşdan imtina edib. Stepko Azərbaycana gəlib və indi dünya çempionatında ölkəmizin şərəfini qoruyur.
Oxu.Az xəbər verir ki, SPORT bigmir.net Oleq Stepkodan nə üçün başqa ölkəyə gəldiyini və yeni yerdə necə yaşadığını öyrənməyə çalışıb.
“Azərbaycandan başqa təklif gələn ölkə olmayıb. Sadəcə elə alındı ki, ölkədə ağır vəziyyət yarandı, üstəgəl şərqdə (Ukraynanın cənub-şərqində - red.) hərbi əməliyyatlar başladı.
Özünüz bilirsiniz, bizim ölkədə idmanın maliyyələşdirilməsi nə yerdədir. Bakıda isə bizə - idmançılara yaxşı münasibət, əla zallar, inkişaf etmək üçün lazımi şərait var.
Mən niyə öz istedadımı Ukraynada köhnə zalda batırmalıyam?
Necə uyğunlaşdım? Komanda yaxşıdır, kömək edir. Amma belə adi kollektivdir. Axı bu Amerika yaxud Çinə səfər etmək deyil, burda hər şey tanışdır, insanlar mehribandırlar. Üstəgəl biz məşqçi ilə gəlmişik, tək yox.
Ukrayna yığmasındakı keçmiş tərəfdaşlarımızla tez-tez danışırıq. Onların və mənim vaxtım olduqda demək olar ki, hamı ilə danışıram. Onlara qarşı çıxış etmək necə olacaq? Hər şey adi keçəcək, özüm üçün ən yaxşı çıxışı göstərməyə çalışacam. Sadəcə indi başqa ölkəni təmsil edirəm”, - deyə, Stepko bildirib.