Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) təşkilatçılığı ilə Bakıda "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş "İdmanda hüquq və ədalət: Yeni antidopinq çərçivəsi" adlı beynəlxalq konfransın açılış mərasimi keçirilib.
Oxu.Az xəbər verir ki, ilk olaraq AMADA-nın icraçı direktoru Təhminə Tağı-zadə çıxış edərək, konfrans iştirakçılarına təşəkkür edib:
"Bizim "İdmanda hüquq və ədalət" mövzumuz sadəcə proqramın adı deyil. Bu, təmiz dəyərlərin qorunmasına və etimadın qurulmasına yönəlmiş bir öhdəlikdir. Bütün tərəfdaşlarımıza bizə dəstək olduqları üçün minnətdaram. Burada və onlayn şəkildə bizə qoşulan bütün çıxışçılara, eləcə də səhnə arxasında səmimi şəkildə çalışan hər kəsə təşəkkür edirəm".
Növbəti çıxış zamanı Ümumdünya Antidopinq Agentliyinin (WADA) Milli Antidopinq Agentlikləri ilə əlaqələr üzrə meneceri Stefan Trinks tədbirin əhəmiyyətindən bəhs edib və AMADA-nın gördüyü işi yüksək qiymətləndirib:
"2026-cı il martın 18-19-da Azərbaycan Ümumdünya Antidopinq Agentliyinin (WADA) Avropa üzrə Regional Simpoziumuna ev sahibliyi edəcək. Bu da AMADA-nın antidopinq sahəsində yüksək fəaliyyətinin göstəricisidir".
Tədbirin əsas məqsədi Azərbaycan Respublikası Konstitusiyasının qəbul olunmasının 30 illiyi fonunda idmanda hüququn aliliyinin və ədalətli rəqabət prinsiplərinin qorunması istiqamətində dopinq və digər zərərli maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin effektivliyinin artırılması, profilaktik və maarifləndirici fəaliyyətlərin təkmilləşdirilməsi, WADA-nın yeni qanunvericiliyindəki dəyişikliklərin və beynəlxalq təcrübəyə əsaslanan müasir antidopinq çərçivəsinin formalaşdırılmasını təşviq edən beynəlxalq dialoq, təcrübə mübadiləsi və əməkdaşlıq platformasının yaradılmasıdır.
Murad Nəsimi