Qolf haqqında aparıcı dünya nəşri olan “Worldwide Golf” iyun nömrəsində Azərbaycan Milli Qolf Klubu haqqında məqalə dərc edib.
Oxu.Az oxuculara bu məqaləni təqdim edir:
“Qolf sahəsində ilk addımlarını atan ölkə üçün peşəkar turnir keçirmək, əlbəttə çox cəsarətli addımdır. Xüsusilə nəzərə almaq lazımdır ki, bu ölkənin harada yerləşdiyini belə çox adam bilmir.
Bəli, Xəzər dənizinin sahilinin yaxınlığında, Rusiyadan qərb istiqamətdə Qubada yerləşən, Azərbaycan Milli Qolf Klubu 300 000 avroluq mükafat fondu ilə “Azerbaijan Open Challenge” turnirini keçirərək ölkənin dünya qolf xəritəsində işarələnməsində səy göstərir.
31 iyundan 3 avqusta qədər bu turnir Odlar Yurdunu 2014-cü il üçün “European Challenge Tour” cədvəlində nümayiş etdirəcək və qolf sevərləri bu tədbirdə iştirak etməyə sövq etməklə yanaşı, onlara bu regionun turistlərə təqdim edə biləcəyi digər gözəlliklərdən zövq almaq imkanı yaradacaq.
Bu, ölkədə qolf sahəsində ilk tədbir ola bilər, amma Milli Qolf Klubu bu idman növünü inkişaf etdirən digər ölkələri inadla geridə qoyaraq ən ciddi standartlara uyğun yaradılıb.
75 hektar ərazidə Azərbaycanın ən dilbər guşələrindən birində yerləşən 7000 yard (6,4 km. – red.) sahəni tutan qolf sahəsi çox möhtəşəm görünüşə malikdir.
Bununla yanaşı, ambisiyalara baxmayaraq klubda hər şey oyunçunun zövqünü oxşamağa yönəlib”.
Ölkə Prezidentinin iştirakı ilə ötən ilin sentyabrında açılmış qolf-klub xarici qonaqların ziyarəti üçün layiqli yer yaratmağa can atan millətin nailiyyətlərini təcəssüm etdirir.
Azərbaycanın Milli Qolf Klubu yarıyadək özəl mülkiyyətdədir. Burada, qolf oynamaq üçün gündəlik ödəniş nəzərdə tutulur. Milli Qolf Klubuna gələn istənilən səviyyəli idmançılar qolf oynaya bilərlər. Qolf üzrə ənənəvi dərslərin kombinasiyası, hər bir detala fərdi yanaşma və diqqət bu yeri bütün Azərbaycanın qürur mənbəyinə çevirir.
Qolf üzrə meydançanın və landşaft dizaynının hazırlanmasından klubun binasının inşasınadək bütün tikinti prosesində memarlıq üzrə ekspertlər Con Hant və Beynəlxalq Dizayn Qrupu olub. Nəticədə, qolf klubu istənilən oyunçunun xəyallarının predmetinə çevrilib. Skandinaviya üslubunda inşa olunmuş klubun binasının bünövrəsində regionun qonaqpərvərliyi dayanır. Qolf üçün 18 dəlikli meydançaya mənzərənin açıldığı terrasada uzun müddət dadı damağınızdan getməyəcək möhtəşəm şam yeməyindən zövq almaq olar.
Bu cənnət guşəsi həmçinin 200 nömrəyə malik, gözəl villalar, parklar, SPA-mərkəz və dağlara mənzərəsi olan möhtəşəm Chalette Steakhouse və gölün sahilində yerləşən Le Coquet restoranlarını özündə birləşdirən lüks sinifli, 5 ulduzlu Rixos oteli ilə də fəxr edə bilər.
Klub yüksək dərəcəli qolf klublarında idarəetmə, inkişaf və marketinq sahəsində lider olan Toon Golf klubu tərəfindən idarə olunur. 2012-ci ildə Azərbaycanın Milli Qolf Klubunu idarə olunan klubların siyahısına əlavə etməklə, bu şirkət bazarda mövqelərini daha da möhkəmləndirdi.
Azərbaycanın Milli Qolf Klubu beynəlxalq səviyyəli təlimlərin keçirilməsini təmin etməklə, qolfun mənimsənilməsi, onun bir ənənəyə çevrilməsi yolu ilə getməkdə israrlıdır. Akademiya bütün səviyyəli oyunçuların inkişafı üçün ən müasir texnologiyalardan və avadanlıqlardan istifadə etməyə, təcrübəli təlimatçıların köməyindən yararlanmağa hazırlaşır.
Akademiya həmçinin məşqlər üçün analoqu olmayan qüsursuz avadanlıqla da fəxr edə bilər. Bu avadanlıq uzun oyunun hər bir mərhələsində oyunçuların praktiki hazırlığını təmin edir.
Milli Qolf Klubu Azərbaycanın Qolf Federasiyası ilə birgə idmanın bu növünü həm yerli səviyyədə, həm də bütün ölkədə intensiv inkişaf etdirmək niyyətindədir.