III Beynəlxalq Xankəndi Ultramarafonuna ikinci mərhələsinə yekun vurulub.
Oxu.Az xəbər verir ki, ikinci mərhələdə atletlər Ağdaş şəhərindən start götürərək Bərdəyədək 63.5 km məsafəni qət ediblər. Kişilər arasında ikinci mərhələnin qalibi David Xarazişvili (Gürcüstan) olub. Andrey Eqorov (Litva) ikinci, Azərbaycan təmsilçisi Elşad Nəsibov isə üçüncü yeri tutub.
Qadınlar arasında birinci yeri Olena Şevçenko (Ukrayna), ikinci yeri Leyla Abdinova (Rusiya), üçüncü yeri isə Natalya Vallek (Azərbaycan) tutub.
Xatırladaq ki, ilk mərhələsinin qalibləri də David Xarazişvili (Gürcüstan) və Olena Şevçenko (Ukrayna) olublar.
Qeyd edək ki, iştirakçılar ümumilikdə 192 km məsafə qət edərək Xankəndidə finişə çatacaqlar. Ultramarafon dörd mərhələdən ibarətdir: Qəbələ-Ağdaş (52.5 km), Ağdaş-Bərdə (63.5 km), Bərdə-Ağdam (46.8 km) və Ağdam-Xankəndi (29.2 km). Hər mərhələnin qalibləri ayrıca təltif edilir, ultramarafonun ümumi qalibləri isə baş mükafata layiq görüləcəklər.
Xankəndi Ultramarafonu ilk dəfə 2024-cü ildə Xankəndi-Bakı marşrutu üzrə təşkil olunub. 380 km məsafəni əhatə edən yarışda dörd ölkədən 64 atlet iştirak edib. 2025-ci ildə isə ultramarafon Qəbələ-Xankəndi marşrutu üzrə keçirilib və yarışa altı ölkədən 81 atlet qatılıb.