Bir sıra xarici KİV ölkəmizin tarixində ilk dəfə Qubada yerləşən Milli Qolf Klubda keçirilən Azerbaijan Golf Challenge Open turnirinə dair məqalələr çap etdirir.
“Golf Business Monitor” saytı Azərbaycanda planlaşdırılan Azerbaijan Golf Open Challenge turnirinə dair məqalə dərc edib. Məqalədə Quba qolf sahəsinin ölkəmizdə ilk qolf sahəsi olduğu, 2014-cü ilin iyul ayının 31-dən avqust ayının üçünə qədər Azərbaycanın Azerbaijan Challenge Open turnirini qəbul edəcəyi vurğulanıb.
“Azərbaycanda qolf turniri təsəvvür edə bilərsinizmi?” başlıqlı məqalənin müəllifi Azərbaycanda qolfun sıfırdan başladığına təəccübləndiyini yazıb. Bununla yanaşı o, Azərbaycanın qərbində Qubada 18 dəlikli qolf sahəsinin oyunçular üçün çox rahat olduğunu və turnir zamanı yaşayış şərtlərinin də gözəl olduğunu vurğulayıb. Məqalədə, həmçinin Azərbaycan Qolf Klubunun Troon Golf şirkəti tərəfindən idarə ediləcəyi də vurğulanıb.
“Inside the Games” saytı Azərbaycanda keçirilən qolf turniri haqqında yazıb. Məqalədə Qubada yerləşən ilk və hələki yeganə qolf klubunda ölkə tarixində debüt European Challenge Tour turnirinin keçiriləcəyi bildirilib.
Məqalədə Qolf Federasiyasının prezidenti Anar Məmmədovun məqsədinin qolfun ölkədə populyarlaşdırılması olmasına dair sözləri sitat gətirilib.
“Shanghai Daily” saytı o zaman qarşıdan gələn Azərbaycanda keçiriləcək mükafat fondu 300 min avro olan Golf Challenge Open turniri barədə məqalə çap edib.
Daha sonra “Scottish Golf View” saytında Azerbaijan Golf Challenge Open turnirinin birinci raundunun hesabatı dərc edildi. Məqalədə birinci raundun liderlərindən olan Ceff Vinterin iki iqli xüsusi qeyd edilib, eləcə də birinci raund üçün oyunçuların göstəriciləri dərc edilib.