Avropa və dünya çempionumuz Xetaq Qazyumovun Avropa Oyunlarının qzıl medalını qazanıb.
Oxu.Az xəbər verir ki, güləşçimiz öncə Radoslav Baranla (Polşa) qüvvəsini sınayıb. Rəqibinə çətin anlar yaşadan Xetaq qarşılaşmanı vaxtından əvvəl xeyrinə bitirib - 10:0. Qazyumov 1/8 finalda moldovalı Nikolay Çebanla qarşılaşıb və yenə də inamlı qələbə qazanıb - 4:0. Avropa çempionumuz yarımfinala gedən yolda belaruslu İbrahim Saidovu xalçaya dəvət edib. Daima formada olan milliləşdirilmiş legionerimiz bu rəqibinə də yerini göstərib - 2:1.
Qazyumov yarımfinalda Abdusalam Qadisovla üz-üzə gəlib. Ötən il dünya və Avropa çempionatının finalında bu rəqibə uduzan idmançımız bu dəfə revanş alıb. Rəqibinə 4:2 hesabı ilə qalib gələn Xetaq finala yüksəlib.
Həlledici qarşılaşmada həmyerlimiz gürcüstanlı Elizbar Odikadzeyə 3:1 hesabı ilə qalib gələrək Oyunları çempion kimi başa vurub.
Bu, yığmamızın 10-cu qızıl medalı, ümumilikdə isə 22-ci mükafatı olub.