Xorvatiyanın prezidenti Kolinda Qrabar-Kitaroviç dünən keçirilən futbol üzrə dünya çempionatı çərçivəsində Xorvatiya – Danimarka görüşünü tribunadan izləyib.
Oxu.Az xəbər verir ki, xanım prezident daha sonra niyə oyuna tribunadan baxmasına aydınlıq gətirib:
“İstədim ki, tribunada fanatların əhatəsində komandanı dəstəkləyən azarkeş olduğumu göstərim. VİP-zonada, adətən, dress-koddan istifadə olunur, belə formada olmağa icazə verilmir. Ona görə tribunalara enib milli simvolumuz olan futbolkanı geyindim”.
Qrabar-Kitaroviç bildirib ki, əsas vaxtda həmyerliləri rəqibdən daha yaxşı oynasa da, əlavə 30 dəqiqə ərzində danimarkalılar daha yaxşı təsir bağışlayıblar:
“Təəssüf ki, Luka Modriç sonda penaltini reallaşdıra bilmədi. Ancaq bizim qapıçımız 11 metrlik seriyalarda özünü matçın qəhrəmanı kimi göstərdi və komandanın 1/4 finala çıxmasına kömək etdi.
Özünü əla məşqçi, psixoloq kimi göstərən Zlatko Daliçin əməyini qeyd etməmək olmaz. Soçidə Rusiya komandası ilə görüşərik. Qoy, ən güclü qalib gəlsin”.
Kolinda Qrabar-Kitaroviç oyundan sonra komandanın paltardəyişmə otağına gələrək məşqçilər heyəti və futbolçularla bir-bir görüşüb, onları təbrik edib.
Xorvatiya prezidenti oyunu azarkeşlərlə izlədi - FOTO + VİDEO
Xatırladaq ki, Xorvatiya əsas vaxtı 1:1 başa çatan görüşün penaltilər seriyasında 3:2 qalib gəlib. Xorvatiya iyulun 7-də meydan sahibi Rusiya ilə qarşılaşacaq.
Səbuhi MUSAYEV
www.oxu.az