Yaponiya milli komandasının müdafiəçisi Yuto Naqatomo beş dünya çempionatında iştirak edən ilk asiyalı futbolçu kimi tarixə düşüb.
Oxu.Az xəbər verir ki, o, 2026-cı il dünya birinciliyinin üçüncü turu çərçivəsində İsveç yığmasına qarşı keçirilən matçda meydana çıxaraq bu uğura imza atıb.
Təcrübəli oyunçu görüşdə hesab 1:1 olarkən, 75-ci dəqiqədə əvəzetmədən oyuna daxil olub.
Qeyd edək ki, indiyədək meksikalılar Antonio Karbaxal, Andres Quardado və Rafael Markes, almanlar Lotar Matteus və Manuel Noyer, eləcə də xorvatiyalı Luka Modriç beş fərqli mundialda çıxış ediblər. Dünya birinciliklərində altı dəfə iştirak etmək rekordu isə portuqaliyalı Kriştianu Ronaldu və argentinalı Lionel Messiyə məxsusdur.
Hazırda 39 yaşı olan Naqatomo 2011-ci ildə Yaponiya yığması ilə birlikdə Asiya Kubokunun qalibi adını qazanıb. Milli komandanın heyətində keçirdiyi oyunların sayına (146 matç) görə o, yalnız karyerasını başa vurmuş Yasuxito Endodan (152 matç) geri qalaraq siyahıda ikinci yerdə qərarlaşıb.
Xatırladaq ki, builki dünya çempionatı ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi ilə keçirilir. Nüfuzlu turnirə iyulun 19-da yekun vurulacaq.