Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2014-cü ildə MDB məkanında ən aşağı inflyasiya səviyyələrindən birinin (3,8% həcmində) Azərbaycanda olacağını proqnozlaşdırır.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, bu barədə bankın yayılmış “AYİB-in əməliyyat apardığı ölkələrdə regional iqtisadi perspektivlər” adlı hesabatında deyilir. Sonuncu hesabat ötən ilin oktyabrında dərc edilib.
AYİB-in gözləntilərinə görə, Azərbaycanın göstəricisindən aşağı səviyyədə (2,6%) inflyasiya MDB ölkələrində yalnız Ukraynada olacaq.
Hesabata əsasən, 2014-cü ildə AYİB Ermənistanda - 3,9%, Tacikistanda - 4,4%, Moldovada- 4,7%, Qırğızıstanda - 5,4%, Rusiyada - 5,6%, Türkmənistanda - 5,7%, Qazaxıstanda - 5,9%, Özbəkistanda - 14,5%, Belarusda - 11% səviyyəsində inflyasiyanın olacağını proqnozlaşdırır. Bundan başqa, AYİB Gürcüstanda inflyasiyanın 4,1% səviyyəsində olacağını gözləyir.
2013-cü ilin yekunları üzrə Azərbaycanda inflyasiya 2,4% səviyyəsində olub. (Trend)