Azərbaycanda hamiləliyin 9-cu ayında olan Venera Babayeva hamamda dəm qazından boğulub.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Siyəzən şəhəri 12-ci məhəllə adlı yaşayış massivində qeydə alınıb. 34 yaşlı Babayeva Venera Valeri qızı hamamda çimərkən dəm qazından boğulub. Ailə üzvləri bu barədə təcili yardım stansiyasına məlumat verib. Təcili Tibbi Yardım gəlsə də qadının həyatını xilas etmək mümkün olmayıb.
Həkimlər onu müayinə edərkən dünyasını dəyişdiyi məlum olub.
Mərhumun cəsədi müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Şabran rayon şöbəsinə gətirilib. Müayinədən sonra meyit ailəsinə təhvil verilib. Zəhərlənməyə ilkin səbəb kimi su qızdırıcısından hamam otağına dəm qazının sızması ehtimal olunur.
Hazırda faktla bağlı Siyəzən Rayon Prokurorluğunda araşdırma aparılır.