“28 May” stansiyasında aparılan tədbirlər həlledici mərhələsindədir. Görülən işlərlə tanış olmaq məqsədilə metropoliten rəisi Tağı Əhmədovun iştirakı ilə yenidənqurma prosesinə geniş tərkibdə baxış keçirilib.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı Bakı Metropoliteninin mətbuat xidməti yayıb.
Məlumata görə, “28 May” metrosatnsiyası vestibülün mərmər-qranit təbəqəsində və elektrik sistemləri ilə bağlı tədbirlər başa çatdırıldıqdan sonra avadanlıqlar quraşdırılacaq. Stansiyada 10 keçid aparatı qoyulacaq.
Kassa və xəzinədar otaqlarında da bir sıra yeniliklər nəzərdə tutulub.
Məlumatda deyilir ki, eskalator meydançası sahəsində, gümbəz altında işıqlandırma sistemi ilə quraşdırılmış çilçıraq həm də qəza işığı funksiyasını daşıyacaq. Stansiyanın işıqlandırılması ilə bağlı son tədbirlər qarşıdakı günlərdə yerinə yetiriləcək.
Məlumata görə, stansiya yollarında işıqlandırma işlərini aparan təchizatçı şirkət bir həftə ərzində tavan işıqlandırılmasını yekunlaşdıracaq və daha sonra təhlükəsizlik zolaqları üzərində çalışmalara başlayacaq.
Qeyd olunur ki, texnoloji korpusun əsas obyekti olan dispetçer məntəqələri və onların təchizatı üzərində işlər də tamamlanma mərhələsindədir.
Həmçinin məlumatda deyilir ki, videomüşahidə sistemləri yeni korpusa köçürülüb, müşavirə otağında da artıq tam şərait qurulub, muzeyin qurulması üzrə işlər də sürətləndirilib.
Gülnarə Zeynalova
www.oxu.az