Avropa İttifaqı Azərbaycan və Gürcüstan sərhədyanı əməkdaşlığa 1,35 milyon avro ayırır.
Oxu.Az Abc.az-a istinadən xəbər verir ki, Aİ maliyyələşdirdiyi Şərq əməkdaşlığının ərazi əməkdaşlığı proqramı (EaRTS) çərçivəsində Azərbaycan və Gürcüstan arasında, eləcə də Ermənistan və Gürcüstan arasında əməkdaşlığa 1,35 milyon avro ayırıb.
Paralel olaraq 3,3 milyon avro Belarusiya-Ukrayna və Moldova-Ukrayna əməkdaşlığına ayrılıb.
Tbilisidə keçirilən konfransda Şərq əməkdaşlığı ölkələri proqramlarda iştirak etməyə hazır olduqlarını bildiriblər. Tədbir iştirakçıları EaRTS-in prioritetlərini, vəzifə və mexanizmlərini müzakirə ediblər.
Konfransda Şərq əməkdaşlığının altı ölkəsindən 160-dan çox mərkəzi, regional hakimiyyət orqanlarının nümayəndələri, vətəndaş cəmiyyəti və müstəqil ekspertləri iştirak ediblər. Qrant proqramları sərhədyanı regionlara Aİ-nin regional inkişaf problemlərinin həlli üçün vəsaitin alınmasına imkan verəcək.
Məlumata müvafiq olaraq Ermənistan və Gürcüstan əməkdaşlığı artıq ərizə müsabiqəsinə hazırdır. Tərəflər ərazi əməkdaşlığının prioritetlərini dəyərləndirib və müştərək əməliyyat proqramını təsdiqləyiblər.
Qeyd edək ki, EaRTS proqramı iştirak edən sərhədyanı regionların regional və yerli hakimiyyət orqanları, icmalar və vətəndaş cəmiyyətləri arasında transsərhəd əməkdaşlığının inkişafı və möhkəmləndirilməsinə istiqamətlənib.