Bakının mərkəzində fəaliyyət göstərən kafelərdə çayın qiymətinin baha olması ilə əlaqədar “Termosuma toxunma!” adlı fleşmob keçirilməsi planlaşdırılır.
Oxu.Az xəbər verir ki, maraqlı fleşmobun keçirilməsi ilə bağlı xəbər Facebook sosial şəbəkəsi vasitəsilə yayılıb.
Tədbir iştirakçıları “Termosuma toxunma!” adlı fleşmobun təşkili ilə bağlı belə bir məlumat yayıblar:
“Bildiyiniz kimi şəhərin mərkəzi küçələrindəki kafelərdə çay içmək həddən artıq bahadır. Şəhərdə oturub çay içmək yemək yeməkdən baha başa gəlir. Xüsusilə Bulvarda... Bir də istəmədiyimiz halda süfrəyə gətirib mürəbbə, şirniyyat qoyurlar. Düşündük ki, bu məsələni qabartmaq məqsədilə hərə özü ilə bir termos və bir neçə stəkan gətirsin və özümüz üçün çay dəsgahı quraq. Hətta ordan keçən digər vətəndaşlara da çay süzüb paylayaq. Dostlarınızı da dəvət edin, gəlib çayımızı içsinlər”.
Məlumata əsasən, fleşmobun 19 iyul saat 21:30-da əvvəl Bulvardakı “Mirvari” kafesinin yanında, sonra növbə ilə digər kafelərin yanında keçirilməsi planlaşdırılır.
Elvin Əhmədov
www.oxu.az