Bu gün Türkiyənin Kilis şəhərində Azərbaycan təbii qazının Türkiyə üzərindən Suriyanın Hələb şəhərinə nəqli rəsmən başlayıb. Tədbirdə iştirak edən Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar bunu "tarixi an" kimi dəyərləndirib.
Oxu.Az bu barədə "Haber Global"a istinadla xəbər verir.
Bildirilir ki, layihənin məqsədi Suriyada uzun illər davam edən müharibənin nəticəsində zərər görmüş enerji infrastrukturunun bərpasına dəstək və bölgədə həyatın normallaşmasına töhfə verməkdir.
"Suriya 14 illik daxili müharibə nəticəsində ciddi enerji çatışmazlığı ilə üz-üzə qalıb. Dekabr ayında texniki heyətimizi Dəməşqə göndərərək ehtiyacları qiymətləndirdik və qısa, orta və uzunmüddətli planlar hazırladıq. Bu layihə, əslində, bir elektrik enerjisi layihəsidir, çünki nəql edilən qaz Hələbdəki elektrik stansiyalarında elektrik enerjisinə çevriləcək və beş milyon ailənin enerji ehtiyacını qarşılayacaq", - deyə Bayraktar vurğulayıb.
Qazın nəqlinə başlanmasından cəmi yarım saat əvvəl Kilisdə qaz axını rəsmən işə salınıb. Enerji nazirinin verdiyi məlumata görə, gündəlik altı milyon kubmetr, illik isə iki milyard kubmetr həcmində qaz nəqli planlaşdırılır.
Bayraktar, layihənin həyata keçməsində Azərbaycan Prezidenti İlham Əliyevin mühüm rol oynadığını, onun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Xankəndidə baş tutan görüşündən sonra prosesin sürətləndiyini qeyd edib.
"Çox qısa müddət ərzində mühüm bir layihəni həyata keçirməyi bacardıq. Xüsusilə cənab Prezident İlham Əliyevin verdiyi dəstək və onun Türkiyə prezidenti ilə Xankəndidəki görüşlərindən sonra iş tamamilə fərqli mərhələyə keçdi. Biz texniki infrastrukturu hazırladıq və hazırda Azərbaycandan gələn təbii qaz artıq bu xətt vasitəsilə, buradan cəmi bir kilometr məsafədə yerləşən sərhədi keçərək Suriyaya, oradan Hələb şəhərinə qədər çatır. Bu mənada, həqiqətən də, Suriyada həyatın normallaşması üçün çox əhəmiyyətli bir layihənin bu gün şahidi olduq", - deyə o bildirib.
Qeyd edək ki, 93 kilometr uzunluğundakı boru xətti Kahramanmaraşdan başlayaraq Kilisə qədər uzanır və 37 düym (inç) diametrindədir. Kilisdən cəmi bir kilometr aralıda yerləşən Suriya sərhədindən keçən xətt Hələbə qədər davam edir. Burada yerləşən stansiyada təbii qaz elektrik enerjisinə çevriləcək.
Hazırda Hələbdə gündəlik cəmi üç-dörd saat elektrik enerjisi təmin edilə bilir. Yeni layihə sayəsində bu müddətin 10 saata qədər artırılması nəzərdə tutulur.