Bakının qaranlıq zirzəmilərində özünə məkan tapan “Lombard”ların sayının artması, Mərkəzi Bankın bank sektorundakı sərtləşdirmə addımları ilə əlaqədardır. Azərbaycanda 2011-ci ildə 600 lombard fəaliyyət göstərirdisə, indi onların sayı üç rəqəmlə ifadə edilir. Bankların kütləvi kreditləşməni dayandırması, kredit axtaran vətəndaşları ya lombardlara, ya da sələmçilərə üz tutmağa vadar edib.
Oxu.Az SalamNews-a istinadən xəbər verir ki, bu fikrini müsahibəsində müstəqil iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.
O deyib ki, bankların “qara bazar” formalaşdıracağı əvvəlcədən bəlli idi:
“Banklar hələlik belə bazar formalaşdırmağa tələsməsələr də, lombardlar indi təngnəfəs olublar. İlk baxışdan burada qeyri-adi heç nə yoxdur. Lombardlar borc verirlər, vətəndaşlar isə bundan faydalanırlar. Amma məsələ heç də, göründüyü kimi sadə deyil. Çünki istehlak kreditləşməsinin dayandırılmasından sonra lombardların təklif etdiyi pullara tələbatın kəskin artması müşahidə edilir”.
Onun sözlərinə görə, yanvar ayının yekunları göstərir ki, lombardların aylıq faiz dərəcələrində 1-1,5% artım var. Yəni, lombardların təklif etdiyi borclar üzrə faiz dərəcələri illik 40%-dən çoxdur:
“Lombardlarda girovun qiymətləndirilməsi mexanizmi yoxdur. Məsələn, bu xidmət 3000 manatlıq kredit təklif edən zaman ən azı 5000 manatlıq qızıl-zinət əşyalarını girov kimi tələb edir. Faizlər yüksək olduğundan pulun geri ödənilməsində risk faktoru yüksəkdir. Əgər faizləri nisbətən aşağı olan kommersiya banklarına əhalinin qaytara bilmədiyi borc 1 milyard dollardan çoxdursa, deməli, “lombard borclarında” da vəziyyət ürəkaçan deyil. Bu isə o deməkdir ki, götürdüyü pulu və ya onun yüksək faizlərini geri qaytara bilmədikdə, vətəndaş bazar qiymətindən dəfələrlə aşağı dəyərləndirən girovundan da olur.”