"Azərbaycanda sukukun tətbiqi üçün əlverişli mühit formalaşdırılması məqsədilə IsDB ilə birgə layihə həyata keçiririk".
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun 51-ci İllik Toplantısı çərçivəsində təşkil olunmuş "İslam Maliyyəsi üzrə 20-ci IsDB Qlobal Forumu"nda bildirib.
O qeyd edib ki, layihənin Azərbaycanın ilk sukuk emissiyasının həyata keçirilməsinə və İslam maliyyəsi üzrə hüquqi-tənzimləyici bazanın gücləndirilməsinə şərait yaradacağı gözlənilir.
Onun sözlərinə görə, bu addım maliyyə sektorunun daha da şaxələndirilməsinə xidmət edəcək:
"Biz İslam maliyyəsinin ölkənin maliyyə arxitekturasına inteqrasiyasına sadiqik. Həyata keçirilən islahatlar maliyyə bazarlarının dərinləşməsinə, xarici investisiyaların cəlbinə və maliyyə sisteminin dayanıqlığının güclənməsinə töhfə verəcək".
T.Kazımov əlavə edib ki, Azərbaycan dayanıqyönümlü İslam maliyyə alətlərinin inkişafına da xüsusi önəm verir: "İslam maliyyəsi sosial rifahı və etik investisiyaları ön plana çıxarmaqla dayanıqlı inkişafı təşviq edir. Buna görə də əsas prioritetlərimizdən biri daha çevik və dayanıqlı iqtisadiyyatların qurulması üçün bu alətlərin inkişafını təmin etməkdir".