Şimali İraqın Kürd Muxtariyyətindən Türkiyəyə nəql ediləcək qaz Ankara üçün həyati əhəmiyyətlidir.
Oxu.Az Trend-ə istinadən xəbər verir ki, bu sözləri Siyasi, iqtisadi və sosial tədqiqatlar Türk Fondunun elmi işçisi Salih Kaya bildirib.
Onun sözlərinə görə, diversifikasiya fonunda, Şimali İraqın Kürd Muxtariyyətindən ötürüləcək qaz Türkiyə üçün əhəmiyyətli mənbələrdən biri hesab edilə bilər.
O qeyd edib ki, bu qazın nəqli Türkiyəyə başqa mənbələrdən əldə edilən qazdan daha ucuz başa gələcək.
Daha əvvəl bildirilirdi ki, Türkiyə ilə Şimali İraqın Kürd Muxtariyyəti arasında yeni qaz kəmərinin tikintisinə dair tender 2016-cı ilin fevralın 9-da baş tutacaq. Tenderdə yerli, həm də xarici şirkətlər iştirak edə biləcəklər. Tenderin qalibi 720 gün ərzində yeni qaz kəmərini tikməli olacaq. Qaz kəmərinin uzunluğu 181,5 kilometr təşkil edəcək.
İraq KİV-nin məlumatına görə isə, Şimali İraqın Kürd Muxtariyyəti ərazisində təbii qaz ehtiyatları beş trilyon kubmetr təşkil edir. 2013-cü ildə isə tərəflər arasında 50 il müddətinə qazın nəqli ilə bağlı müqavilə imzalanıb.
Gözlənilir ki, yeni qaz kəmərinin tikintisinin tamamlanmasından sonra Şimali İraqın Kürd Muxtariyyəti 10 milyard kubmetr qazı Türkiyəyə çatdıracaq. 2020-ci ilə İraqdan Türkiyəyə çatdırılan qazın həcmləri 20 milyard kubmetr təşkil edə bilər.
Xatırladaq ki, 2014-cü ildə Türkiyə Almaniyadan sonra Rusiya qazının ikinci ən böyük idxalatçısı idi: Ankara 27,3 milyard kubmetr qazı Rusiyanın “Qazprom” şirkətindən alıb.
Son dörd ildə Türkiyə Rusiyadan 25-27 milyard kubmetr qaz idxal edib, bu isə ölkənin 55-58% istehlakını təşkil edir. Türkiyədə qazın istehlakının ümumi həcmi 48 milyard kubmetr təşkil edir.
Ülviyyə R. Əli
www.oxu.az