2015-ci ilin 5 ay ərzində sığorta növləri arasında ən ciddi azalma kənd təsərrüfatı bitkiləri məhsullarının sığortasında qeydə alınıb.
Bu barədə Oxu.Az-a Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) bildirilib.
ASA qeyd edir ki, bu növ sığortadan toplanan sığorta haqqı 35,2% azalaraq 204,2 min manata düşüb.
“Sığorta ödənişləri isə 2,7 dəfə artaraq 61,3 min manat olub”-deyə, şirkət son yayadığı hesabatda vurğulayıb.
Qeyd edək ki, bir müddət əvvəl Dövlət Sığorta Nəzarəti Xidmətinin rəhbəri Namiq Xəlilov Oxu.Az-a bildirmişdi ki, “Aqrar sığorta elədir ki, qanunun qəbulu prosesin sonu yox, başlanğıcıdır.
Qanunun qəbulundan sonra bir çox texniki işlər görülməli, ölkə ərazisi üzrə regionların müəyyən sığorta riskləri üzrə risklik dərəcələri müəyyənləşdirilməlidir. Məsələn, hansı rayonda dolu riski nə səviyyədədir, quraqlıq, donvurma riski nə səviyyədədir və sair. Bu risklərin hansısa bitkilərin həmin risklərin başverməsi nəticəsində zərər dəyməsi ehtimallarının qiymətləndirilməsi aparılmalıdır.
“Aqrar sığortada ekspertlərin rolu çox mühümdür. Onlar sığortalamadan əvvəl əkin sahələrinə baxış keçirməli, sığorta hadisəsi baş verdikdə qiymətləndirmə aparmalıdırlar”-deyə, o bildirmişdi.
N. Xəlilov qeyd etmişdi ki, bununla belə, bu istiqamətdə müəyyən hazırlıq işlərinə başlanılıb.
Qeyd edək ki, müstəqil ekspertlər isə bildirir ki, aqrar məhsulların sığortasında risk faktoru yüksək olduğuna görə, sığorta şirkətləri bu sahəyə maraq göstərmirlər.
Ülviyyə R. Əli
www.oxu.az