Devalvasiya sığorta şirkətlərinə hər hansı bir təsir göstərməyib. Sığorta şirkətlərinin öhdəlikləri, ödənişləri, ehtiyatları manatladır. Sığorta şirkətləri üçün məzənnə riski mövcud deyil. Ona görə də, bu gün devalvasiyanın sığorta bazarına hansısa bir təsirini görmürük.
Oxu.Az xəbər verir ki, bu sözləri Dövlət Sığorta Nəzarəti Xidmətinin rəhbəri Namiq Xəlilov bildirdi.
N.Xəlilov devalvasiyadan sonra sığorta şirkətlərinin xidmətlərinin bahalaşmadığını da bildirib.
Aqrar sığorta barədə sualı cavablandıran N.Xəlilov bildirib ki, bu, qanunvericilik prosesinin nə zaman başa çatacağından asılıdır.
“Aqrar sığorta elədir ki, qanunun qəbulu prosesin sonu yox, başlanğıcıdır. Qanunun qəbulundan sonra bir çox texniki işlər görülməli, ölkə ərazisi üzrə regionların müəyyən sığorta riskləri üzrə risklik dərəcələri müəyyənləşdirilməlidir. Məsələn, hansı rayonda dolu riski nə səviyyədədir, quraqlıq, donvurma riski nə səviyyədədir və sair. Bu risklərin hansısa bitkilərin həmin risklərin başverməsi nəticəsində zərər dəyməsi ehtimallarının qiymətləndirilməsi aparılmalıdır.
Aqrar sığortada ekspertlərin rolu çox mühümdür. Onlar sığortalamadan əvvəl əkin sahələrinə baxış keçirməli, sığorta hadisəsi baş verdikdə qiymətləndirmə aparmalıdırlar.
Bununla belə, bu istiqamətdə müəyyən hazırlıq işlərinə başlanılıb.
N.Xəlilovun sözlərinə görə, hazırda həmin istiqamətdə qanun layihəsi yaxın bir-iki ayda parlamentə təqdim oluna bilər.
Ülviyyə R. Əli
www.oxu.az