Xarici dövlətlərin Azərbaycanda yaşayan vətəndaşları icarəyə mənzil götürəndə heç bir çətinliklə qarşılaşmırlar. Bəzi ölkələrdə yaşayış yerini icarəyə götürəndə ciddi maneələr meydana çıxır. Məsələn, Rusiyada - orada xarici vətəndaşın hansı ölkədən gəldiyinə diqqət yetirirlər. Amma Azərbaycanda mənzilini kirayə verən insanı yalnız bir problem: müştərini necə tapacağı maraqlandırır.
Oxu.Az “Exo”-ya istinadən bildirir ki, bu haqda daşınmaz əmlak sahəsində çalışan ekspert Rəşad Əliyev danışıb:
“Mənzillərin kirayə verilməsi zamanı yenə də tərəddüd ediləcək hallar mövcuddur. Əgər insan Avropadandırsa ona mənzili problemsiz kirayə verirlər. Türkiyə, İran və Orta Asiya ölkələrinin vətəndaşlarından çəkinirlər. Qiymətlərə gəldikdə isə çox nadir hallarda avropalılar 1000 manatdan ucuz olan mənzil icarəyə götürürlər. Onlar yüksək maaşı olan işlərdə çalışırlar, onun üçün də mənzil seçərkən bütün şərtlərin olmasına diqqət edirlər. İran və Türkiyə vətəndaşları əsasən daha ucuz mənzilləri kirayəyə götürürlər. Əlbəttə ki, burda söhbət biznesmenlərdən getmir. Xaricilər Bakıda evlərin neçəyə icarəyə verildiyini yaxşı bilirlər. Məsələn, avropalılara mənzilləri daha baha qiymətə verirlər. Çünki avropalılar demək olar ki, həmişə müqavilə tələb edirlər. Bu zaman isə mənzil üçün vergi ödəmək lazım olur. Və ev sahibi bu vergini qiymətin hesabına ödəyir. Türklər və ya iranlılar isə mənzilləri yerlilər kimi icarəyə götürürlər. Ona görə də qiymət bir az ucuz olur”.
Ekspertin sözlərinə görə “Sovetski”də evlərin sökülməsi başlayan kimi mənzillərə olan tələbat qalxdı, bu isə qiymətlərin artmasına səbəb oldu. Artıq mənzil tapmaq çətinləşdi.
“Xaricilər adətən maklerə müraciət edirlər. Amma maklerlərin xidmətləri olduqca bahadır. Bu hətta icarənin aylıq məbləğinin 50%-i və ya bütün aylıq məbləğ ola bilər. Ona görə də azərbaycanlılar maklerlərin xidmətindən istifadə etməməyə çalışırlar” – Rəşad Əliyev sözünü yekunlaşdırıb.