Bu gün Baku Expo Center-də Bakı Beynəlxalq “Motor-şou” “BİMS 2014”, eləcə də “Kater və yaxtalar” – “CİBS 2014” Xəzər Beynəlxalq Sərgisinin açılışı olub.
Oxu.Az xəbər verir ki, bu tədbir dünya şöhrətli avtomobil texnikası brendlərinin və komplektləşdirmə detallarının azərbaycanlı və xarici istehsalçılarını, distributor və dillerlərini bir çətir altında topladı.
Sərgi iştirakçıları sırasında yüngül maşınqayırma sahəsinin dünya şöhrətli istehsalçılarından olan “Bentley”, “Toyota”, “Lexus”, “Volvo” və s. var idi.
Motosiklet dillerlərini dünyanın “Aprilia”, “Suzuki”, “Harley Davidson”, “Vespa” kimi aparıcı istehsalçılarının modelləri təmsil edirdi.
Onlardan başqa, avtomobil interyeri üçün müxtəlif aksessuarlar, nömrə nişanları üçün orijinal çərçivələr, aktiv istirahət üçün avadanlıq, ehtiyat hissələri və komplektləşdirmə detalları, avtomobilə qulluq üçün vasitələr və s. istehsal edən şirkətlər də geniş təqdim edilib.
Yerli stendlərdən xüsusilə maşınqayırma zavodu, elektrik avadanlıq zavodu, ağır maşınqayırma zavodu haqqında informasiyanın yerləşdirildiyi Sumqayıt texnoloji parkının stendi seçilib.
Bir çox şirkətlər, həmçinin yenilənmiş kredit şərtlərini də təqdim ediblər. Avtomobil alışı üçün bütün şirkətlərdə ilkin ödəniş qaydası eynidir – avtomobilin dəyərinin 50%-i. Bəzi distributorlarda avtomobili lizinqlə əldə etmək olar, və bu zaman ilkin ödəmə 20% olur.
“Harley Davidson” rəsmi distributor şirkətinin nümayəndəsi maraqlı informasiya təqdim edib. O deyib ki, Azərbaycanda motosikletlərə olan tələbat ilbəil artır. İl ərzində orta hesabla 70-80 motosiklet satılır, onların qiyməti isə 16-70 min manat arasındadır.
Sərgidə media nümayəndələrinin, əsasən də tədbirin informasiya dəstəyi olan 107.7 “AvtoFM” radiostansiyasının da stendləri var idi.
“BİMS” bərabər su-motor texnikasını və aktiv istirahət üçün müvafiq avadanlığı təqdim edən “Katerlər və yaxtalar” “CIBS 2014” I Xəzər Beynəlxalq Sərgisi də start götürüb.
Oxuculara fotoları təqdim edirik:
Aliyə İsmayılzadə
Foto: Nüsrət Abdullayev
www.oxu.az