2016-cı ilin yanvar-iyun ayları ərzində Azərbaycana cəmi 2 min 573 ədəd nəqliyyat vasitəsi idxal olunub.
Oxu.Az Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, bu ötən ilin ilk 6 ayı ilə müqayisədə 6,9 dəfə azdır.
2015-ci ilin ilk 6 ayında ölkəmizə 17 min 640 ədəd nəqliyyat vasitəsi idxal olunub.
2016-cı ilin yanvar-iyun aylarında 39 ədəd sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri (avtobuslar), 2 222 ədəd minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 252 ədəd yük daşımaq üçün motorlu nəqliyyat vasitələri və 60 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitələri idxal olunub.
Bu ilin yanvar ayında cəmi 437 ədəd, fevral ayında 384 ədəd, mart ayında 541 ədəd, aprel ayında 380 ədəd, may ayında 491 ədəd, iyun ayında isə 340 ədəd nəqliyyat vasitəsi idxal olunub.
Ötən ilin ilk 6 ayı ilə müqayisədə minik avtomobillərinin idxalı 7,1 dəfə azalıb. Belə ki, ötən ilin birinci yarısında ölkəmizə 15 min 745 ədəd minik avtomobili idxal olunub.
İyun ayında idxal olunmuş minik avtomobillərinin sayı isə 283 ədəd təşkil edib. Mayda 430 ədəd minik avtomobili idxal olunub.
Ülviyyə R. Əli
www.oxu.az