Azərbaycana siqaret idxalının azalmasının müxtəlif səbəbləri var. Əsas səbəblərdən biri odur ki, vətəndaşlar kommersiya məqsədləri üçün nəzərdə tutulmayan 3 bloka qədər siqaretin Azərbaycana gətirilməsi hüququndan kommersiya məqsədləri üçün istifadə edirlər.
Oxu.Az xəbər verir ki, bu sözləri Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev jurnalistlərə deyib.
“Bizim Gürcüstan və Rusiya ilə sərhədimiz şəffafdır. Viza rejimi tətbiq olunmur. Eyni zamanda İran ilə də viza rejimi tətbiq edilmir. Təəssüflər olsun ki, bəzi vətəndaşlar kommersiya məqsədləri üçün nəzərdə tutulmayan hüquqdan kommersiya məqsədləri üçün istifadə edirlər”.
Komitə sədri həmçinin bildirib ki, bununla da Azərbaycanın həm siqaret bazarına, eyni zamanda Azərbaycanın dövlət büdcəsinə ziyan vurulur.
Qeyd edək ki, komitə sədri bu gün Bakıda təşkil edilən konfransda bildirib ki, son iki ayın rəqəmlərinə görə Azərbaycana siqaret idxalı 6 dəfə azalıb.
Xatırladaq ki, bu gün xaricdən Azərbaycana 3 blokadək siqaretin gömrük rəsmiləşdirməsindən keçirilmədən gətirilməsinə icazə verilir.
Ülviyyə R. Əli
www.oxu.az