"Azərbaycan, Qazaxıstan və Özbəkistanı əhatə edən Mərkəzi Asiya-Azərbaycan yaşıl enerji dəhlizi formalaşmaqdadır. Təklif olunan bu interkonneksiya (əlaqələndirmə) sərhədlərarası elektrik enerjisi ticarətini gücləndirmək və Xəzər regionundan bərpaolunan enerjinin Qara dəniz marşrutu vasitəsilə Avropaya ötürülməsi üçün dəhliz yaratmaq məqsədi daşıyır".
Oxu.Az xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı rezident əlaqələndiricisi Dmitro Şlapaçenko Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW 2026) çərçivəsində keçirilən "Enerji keçidinin təmin edilməsi üçün regional tərəfdaşlıqların gücləndirilməsi" adlı sessiyada deyib.
O bildirib ki, bu təşəbbüs regional platformaların nələrə nail ola biləcəyini nümayiş etdirir:
"Belə platformalar əhəmiyyətli günəş və külək enerjisi potensialına malik əraziləri böyük enerji tələbatının olduğu mərkəzlərlə əlaqələndirə bilər. Bu isə sərhədlərarası elektrik enerjisi ticarətini asanlaşdırar, enerji təhlükəsizliyini gücləndirər və irihəcmli investisiyaları cəlb etmək üçün zəruri miqyas yaradar".