Azərbaycan gələn il 1 milyard dollar dövlət borcu ödəyəcək.
Respublikanın borc öhdəliklərinin əsasən dövlət zəmanətli olmasını, bir sıra layihələr üzrə qəbul edilmiş borc öhdəliklərinin faiz və əsas borc üzrə ödəniş müddətlərinin 2014-cü ildə başa çatacağını nəzərə alaraq, 2014-cü il dövlət büdcəsində dövlət borclarına xidmətlə bağlı xərclər üçün 780,5 mln. manat (təxminən 1 milyard ABŞ dolları) vəsait nəzərdə tutulub.
Oxu.Az Marja-ya istinadən xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının 2014-cü ilin dövlət və icmal büdcələrinin layihələrinin təqdimatı”nda deyilir.
“O cümlədən, dövlətin xarici borclarına xidmətlə bağlı xərclər üçün 697,2 mln. manat, dövlətin daxili borcuna xidmətlə bağlı xərclər üçün 83,3 mln. manat vəsait nəzərdə tutulmuşdur”,-təqdimatda bildirilir.
Bundan başqa təqdimatda göstərilir ki, 2014-cü il üçün Azərbaycan Respublikasının daxili dövlət borcunun yuxarı həddi (limiti) 1 milyard 200 milyon manat, xarici dövlət borcunun yuxarı həddi isə 2 milyard manat müəyyən edilib.