“Azərbaycanda iqtisadiyyatın bir çox sahələri kimi quşçuluğun daha da inkişaf etdirilməsi daim dövlətin diqqət mərkəzindədir. Azərbaycanda quşçuluq sahəsi son illər sürətlə inkişaf edir.
Ölkədə istehsal olunan yüksək keyfiyyətli quş əti daxili tələbatı ödəməklə yanaşı, xarici ölkələrə ixrac potensialı da yaradıb. İntensiv inkişaf sayəsində ölkə 98% quş əti, 100% yumurta istehsalı ilə özünü təmin edir”.
Oxu.Az “Report”-a xəbər verir ki, bunu Bakıda keçirilən Beynəlxalq Quşçular Forumunda çıxışı zamanı Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev bildirib.
O deyib ki, bu ilin yanvar-iyun aylarında quşçuluq fabriklərində diri çəkidə 30,4 min ton quş əti, 342,9 milyon ədəd yumurta istehsal olunub. Ümumilikdə, fabriklər üzrə cəmi quşların sayı 10,2 milyon baş olub, hər yumurtlayan toyuqdan orta hesabla 106 ədəd yumurta alınıb.
Tədbirdə iştirak edən Azərbaycan Quşçular Cəmiyyətinin (AQC) sədri Aydın Vəliyev bu gün quş məhsulları istehsalının əvvəlki illərə nisbətən bir neçə dəfə artdığını açıqlayıb:
“İllik quş əti istehsalı 100 min tona, yumurta istehsalı 1,5 milyard ədədə çatıb. Ölkə əhalisinin quş məhsullarına olan tələbatı yerli istehsal hesabına tam təmin olunur”, - deyə AQC sədri sözlərinə əlavə edib.
Forumda eyni zamanda bildirilib ki, hazırda Azərbaycan quş ətinin ixracı üçün potesial xarici bazarları araşdırır, ilkin olaraq MDB ölkələrinə çıxış nəzərdə tutulub.