Ümumi Daxili Məhsul istehsalı 2013-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 2,1 faiz artaraq 28,7 milyard manat təşkil edib.
Oxu.Az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əlavə dəyərin 46,0 faizi sənaye sahələrində, 10,7 faizi tikinti kompleksində, 10,3 faizi ticarət və pullu xidmət sahələrində, 5,2 faizi nəqliyyatda, 1,6 faizi informasiya və rabitə müəssisələrində, 4,4 faizi aqrar bölmədə, 14,7 faizi digər sahələrdə yaradılıb.
Əhalinin hər nəfərinə orta hesabla 3063,3 manat məbləğində (3905,2 ABŞ dolları) əlavə dəyər istehsal olunub və ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,8 faiz artıb.
Əlavə dəyərin 56,3 faizi qeyri-neft sektorunda istehsal olunaraq ötən ilin yanvar-iyun ayları ilə müqayisədə 7,0 faiz artıb, neft-qaz sektorunda isə 3,9 faiz azalıb.
2014-cü ilin birinci yarısında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 16,9 milyard manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,4 faiz az sənaye məhsulu istehsal olunub.
Məhsulun 12,3 milyard manatı və ya 72,9 faizi mədənçıxarma bölməsində istehsal olunub, 21,2 milyon ton neft və 9,1 milyard kub metr əmtəəlik qaz hasil edilib.
“Sənayenin emal bölməsində altı ay ərzində 3,6 milyard manatlıq sənaye məhsulu istehsal olunub. Bölmədə qida məhsulları istehsalı 2,4 faiz, tütün məmulatları istehsalı 60,3 faiz, geyim istehsalı 30,9 faiz, hazır metal məmulatların istehsalı 7,0 faiz, tikinti materiallarının istehsalı 16,8 faiz, elektrik avadanlıqları istehsalı 30,2 faiz, avtomobil və qoşquların istehsalı 38,0 faiz, sair nəqliyyat vasitələri istehsalı 2,9 dəfə, mebel istehsalı 17,2 faiz, zərgərlik, musiqi, idman və tibb avadanlıqları istehsalı 60,2 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri 11,2 faiz artıb”- məlumatda deyilir.
Qeyri-neft emal sənayesində 2,4 milyard manatliq və ya keçən ilin müvafiq dövrünə nisbətən 1,7 faiz çox sənaye məhsulu istehsal olunub.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində sənaye məhsullarının 5,4 faizi və ya 912,0 milyon manat istehsal olunub. İstehsal olunmuş 10,8 milyard kVt.saat elektrik enerjisi ötən ilki səviyyədən 3,2 faiz çox olub.
Qeyd edilir ki, su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində məhsul istehsalı 4,1 faiz artıb.
Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 4,2 faiz artıb, neft-qaz sektorunda isə 3,4 faiz azalıb.
Gülnarə Zeynalova
www.oxu.az