Azərbaycan dəmiryolları xətlərində hərəkət etmək üçün xaricdən yeni və müasir tipli 30 vaqon alınacaq.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (QSC) mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov söyləyib.
N.Əzməmmədov qeyd edib ki, müasir vaqonlar Bakı-Tiblisi-Qars istiqamətində hərəkət edəcək. Onun sözlərinə görə, hazırda vaqonların xaricdən alınması iştiqamətində işlər görülür:
“Bu vaqonlar Bakı-Tiblisi-Qars istiqamətində hərəkət etməklə Avropaya gedəcək. 2015-ci ildə Bakı-Tiblisi-Qars Dəmiryolu işə düşəndən sonra bizim Avropaya çıxışımız məhz o vaqonlar vasitəsi ilə həyata keçiriləcək”.
N.Əzməmmədov yeni vaqonlarda olan otaqların sayının da fərqli olacağını bildirib:
“Bu vaqonlar bizim əvvəlki vaqonlardan fərqli olacaq. Avropa standartlarına uyğun olacaq. Bu vaqonların təkər cütləri fərqli olacaq. Qiyməti isə bizim sifarişimizdən asılı olaraq müəyyənləşəcək. Ənənəvi tipli vaqonlarda 18 kupe olur. Amma biz danışıqlar zamanı müasir vaqonlarda olan kupelərin sayını 9 edə bilərik. 2015-ci ilə qədər bu məsələnin həll olunması üçün danışıqlar aparılır”.
N.Əzməmmədov yeni qatarların qiyməti barədə də məlumat verib. Onun sözlərinə görə, Bakı-Tiblisi-Qars Dəmiryolu xətti boyunca hərəkət edən qatarların tarifləri Türkiyə, Gürcüstan və Azərbaycan arasında razılaşdırılmalıdır.
N.Əzməmmədov dəmiryollarında hərəkət edən qatarların sürətinin gələcəkdə artırılacağını da sözlərinə əlavə edib:
“Azərbaycan dəmiryolları şəbəkəsində qatarların hərəkət sürətinin artırılması üzərində işlər aparılır. Hazırda sərnişin qatarları saatda 100, yük qatarları isə saatda 80 kilomet sürətlə hərəkət edir. Dəmiryolu xətləri təmir olunduqdan sonra qatarların sürətini saatda 120-140-a qaldıracağıq”.