İyun ayının 1-nə kimi 342,5 min hektar sahədə yazlıq bitkilərin səpini aparılıb, 26,6 min hektar sahədə dənli və dənli paxlalılar, 34,7 min hektar sahədə dən üçün qarğıdalı, 61,5 min hektar sahədə kartof, 73,3 min hektar sahədə tərəvəz, 21,1 min hektar sahədə pambıq, 26,8 min hektar sahədə bostan bitkiləri, 5,5 min hektar sahədə şəkər çuğunduru, 9,8 min hektar sahədə dən üçün günəbaxan, 1107 hektar sahədə tütün əkilib.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yaz-tarla işlərinin aparılması ilə yanaşı, kənd əməkçiləri yetişdirdikləri məhsulları toplamağa başlayıblar.
DSK-nın məlumatına görə, iyun ayının 1-nə kimi tarlalardan 40,1 min ton dənli və dənli paxlalılar, 52,6 min ton kartof, 77,9 min ton tərəvəz, 8,6 min ton meyvə və giləmeyvə, 220,4 ton yaşıl çay yarpağı toplanıb.
“İlin əvvəlindən 174,7 min ton diri çəkidə ət, 753,0 min ton süd, 638,1 milyon ədəd yumurta, 12,6 min ton yun istehsal olunub, 2013-cü ilin müvafiq dövrünə nisbətən ət istehsalı 2,1%, süd istehsalı 2,8%, yumurta istehsalı 12,6%, yun istehsalı 1,5% artıb”, - məlumatda deyilib.
Beləliklə, beş ay ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7% çox kənd təsərrüfatı məhsulları istehsal olunub.
Gülnarə Zeynalova
www.oxu.az