Azərbaycanda son 5 ay ərzində (keçən il sentyabr ayının əvvəlindən bu ilin yanvar ayının sonunadək) onlayn rejimdə 3 544 vahid “*.az” milli domen adı qeydiyyata alınıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında ETM-in direktoru Faiq Fərmanov bildirib.
“Whois.az” saytına istinadən verdiyi xəbərə görə, Azərbaycanda ümumilikdə ötən il 21 662 domen adı qeydə alınıb.
İlin əvvəlindən 125 domen ləvğ olunub, 1 080 domen isə qeydiyyatdan keçib.
Qeyd edək ki, hazırda birinci səviyyəli milli domenlərin (*.az) birdəfəlik qeydiyyatı 20 manat, illik ödəniş haqqı da 20 manat təşkil edir.
İkinci səviyyəli domenlərin (*.com.az, *.net.az, *.biz.az və s.) qeydiyyatı pulsuz, illik ödəniş isə 10 manatdır.
Azərbaycan təhsil müəssisələrinin və dövlət qurumlarının domenlərinin (*.edu.az və *.gov.az) qeydiyyatı və texniki dəstəyi ödənişsiz həyata keçirilir.
Qeyd edək ki, internetdə Adlar və Nömrələr üzrə Qeydiyyat Korporasiyası (Internet Corporation for Assigned Names and Numbers, ICANN) 1993-cü il avqustun 25-də “*.az” domen zonasının Azərbaycan dövlətinə verilməsi haqqında qərar qəbul edib.