Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və Dünya Bankının birgə həyata keçirdiyi “Sosial Müdafiənin İnkişafı Layihəsi”nin “İSCO88/08-ə uyğun təkmilləşdirilmiş peşə standartları və əlaqədar təlim standartlarının hazırlanması” tapşırığı çərçivəsində 200 peşə standartı hazırlanaraq cari ilin əvvəlindən sahibkarların istifadəsinə verilib.
Oxu.Az xəbər verir ki, bu barədə ƏƏSMN-dən məlumat verilib.
“Turizm, emal sənayesi, tikinti, energetika, kənd təsərrüfatı, nəqliyyat və xidmət sahələrini əhatə edən peşə standartlarının hazırlanması ölkədə əmək ehtiyatlarının keyfiyyətinin yüksəldilməsinə və rəqabətqabiliyyətinin artırılmasına, işçi qüvvəsindən daha səmərəli istifadənin təmin olunmasına xidmət edir.
Bu standartlar eyni zamanda kadr hazırlığının əmək bazarının ehtiyaclarına uyğun təşkilində mühüm rola malikdir. Milli iqtisadiyyatın dinamik və çoxşaxəli inkişafı, həmçinin əlverişli demoqrafik vəziyyətin formalaşdığı şəraitdə ƏƏSMN bu prosesin davam etdirilməsini, müxtəlif sahələrə aid daha 5 mindən çox peşə standartının hazırlanmasını nəzərdə tutur”, - məlumatda deyilir.
Qeyd edilir ki, peşə standartlarının hazırlanması prosesi beynəlxalq ekspertlərin və iqtisadiyyatın müxtəlif sahələri üzrə fəaliyyət göstərən işəgötürənlərin iştirakı, qabaqcıl dünya təcrübəsindən istifadə olunmaqla həyata keçirilir.
Gülnarə Zeynalova
www.oxu.az