Avqustun 8-dən etibarən ölkə ərazisində Amerika ağ kəpənəyinin ikinci nəslinə qarşı məqsədli monitorinqlərə və mübarizə tədbirlərinə start verilib.
Bu barədə Oxu.Az-a Kənd Təəsrrüfatı Nazirliyi (KTN) yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətindən məlumat verilib.
Xidmət bildirib ki, Abşeron yarımadasında, Astara, Lənkəran, Quba, Qusar və Xaçmaz rayonlarında metodikalara uyğun şəkildə monitorinqlər aparılır. Zərərvericinin sayı az olduğu üçün aqrotexniki mübarizə tədbirlərinə üstünlük verilir.
Xaçmaz rayonunun Xudat, Yalama, Nabran ərazilərində kimyəvi mübarizə tədbirləri həyata keçirilir. Mübarizə tədbirləri zamanı İtaliya istehsalı olan SKOUT-285-300 tipli müasir çiləyici aqreqatlardan istifadə edilir.
Bundan başqa, ilk dəfə olaraq Amerika ağ kəpənəyinin tırtıllarına qarşı mübarizədə hormonal və bioloji preparatlar - Diffuz, Delfin WG tətbiq edilir. Bu tip preparatların insan orqanizminə və ətraf mühitə heç bir təhlükə törətmədiyi üçün asanlıqla yaşayış məntəqələrində və ətraf ərazilərdə istifadə edilir.
Ülviyyə R. Əli
www.oxu.az