Bu gün iyulun 6-sı ilə müqayisədə Azərbaycanda 1 avronun rəsmi məzənnəsi 0,02% ucuzlaşıb.
Oxu.Az xəbər verir ki, avrozonanın vahid valyutası 0,0002 manat və ya 0,02% ucuzlaşaraq 1,1575 manat olub.
Qeyd edək ki, avronun ucuzlaşmasına səbəb Yunanıstanda baş verən qeyri-iqtisadi proseslərlə bağlıdır.
Belə ki, Yunanıstan rəsmi Afina Beynəlxalq Valyuta Fonduna 1,6 milyard dollar kredit borcunu ödəməlidir.
Yunanıstan hökuməti vətəndaşlara bu ilin mayın 25-də Avropa Komissiyası, Avropa Mərkəzi Bankı və BVF-nin təqdim etdiyi saziş layihəsinin qəbul edilməsinə “yox” və ya “hə” cavabı verməyi təklif etmişdi.
Bununla əlaqədar olaraq, iyulun 5-də isə Yunanıstanda hökumətin beynəlxalq kreditorlarla olan borcları ilə əlaqədar referendum keçirilmişdi. Yunanıstan DİN-in açıqlamasına görə, 100% seçki məntəqələrində bülletenlərin hesablanmasının nəticələrinə əsasən, 61,31% seçici kreditorların tələblərinə “yox”, 38,69% seçici isə “hə” demişdi. 5,8% bülleten etibarsız sayılmışdı.
Onu da əlavə edək ki, iyulun 6-da Yunanıstanda keçirilən referendumun nəticələrini müzakirə etmək üçün Fransanın prezidenti Fransua Olland ilə Almaniyanın baş naziri Angela Merkel Brüsseldə görüşüblər.
Angela Merkel referendumun nəticələrini qəbul etdiklərini, Yunanıstan ilə qarşıdakı dövrlərdə müzakirə üçün açıq olduqlarını bildirib.
Merkel onu da əlavə edib ki, zaman daralır, Tsipras sabah (yəni bu gün) öz təkliflərini verməlidir.
Fransanın prezidenti də rəsmi Berlin kimi Yunanıstanla müzakirələr üçün açıq olduğunu qeyd edib.
Yerli ekspertlər isə bildirir ki, referendumun nəticələri Azərbaycanda avronun ucuzlaşmasına öz təsirini göstərməkdə davam edəcək.
Ülviyyə R. Əli
www.oxu.az