Bankların avtomobil kreditlərinin şərtlərini sərtləşdirməsi nəticəsində satışları azalmış avtomobil satışı mərkəzləri çıxış yolunu lizinqdə tapıb.
Oxu.Az Marja-ya istinadən xəbər verir ki, Azərbaycanda “Mazda”, “Honda” “Subaru” və “Mitsubishi” avtomobillərinin rəsmi satış mərkəzləri yeni lizinq şərtləri ilə kampaniyaya başlayıblar.
“Honda Avtomobil Mərkəzi”ndən bildirdilər ki, avtomobillərin lizinq ilə satışına yerli lizinq şirkətlərindən biri ilə əməkdaşlıq əsasında başlanılıb.
İndi bütün “Mazda”, “Honda” “Subaru” və “Mitsubishi” modellərini cəmi 20% ilkin ödəniş etməklə, illik 18%, 5 ilə qədər müddətə lizinq yolu ilə əldə etmək olar.
Avtomobilin dəyərinin 50%-ni əvvəlcədən ödəyənlər isə qalan hissəni 14%-lə lizinqə götürə bilərlər.
Bu halda avtomobil lizinq şirkətinin adına rəsmiləşdirilir və liznq üzrə borc ödənildikdən sonra şəxsin adına keçirilir. Həmin müddətdə avtomobil lizinq şirkətinin verdiyi etibarnamə əsasında idarə olunur.
Bundan başqa, “Honda Avtomobil Mərkəzi”ndən bildirdilər ki, avtomobillərin bank krediti ilə yeni şərtlər əsasında satışı da həyata keçirilir. Bu halda ilkin ödəniş 50%, kredit faizi 14%, müddəti isə 5 ilə qədər təşkil edir.