Azərbaycan Mərkəzi Bankı (AMB) yaxın perspektivdə ölkənin bank sektorunda yeni birləşmə və satınalmaların mümkünlüyü məsələsinə münasibət bildirib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bankların konsolidasiya ilə bağlı qərarları, ilk növbədə, onların səhmdarlarının biznes strategiyası və kommersiya qərarları çərçivəsində formalaşır.
Mərkəzi Bankın rolu isə belə təşəbbüslərin qanunvericiliyin tələblərinə və prudensial meyarlara uyğunluğunun qiymətləndirilməsindən ibarətdir.
"Konsolidasiya kommersiya xarakterli danışıqları və konfidensial məlumatları ehtiva etdiyi üçün hər hansı konsolidasiya prosesi qanunvericiliyə uyğun olaraq yalnız Mərkəzi Bankın razılığı tələb edilən mərhələyə çatdıqda, Mərkəzi Bank tərəfindən məsələ müəyyən edilmiş qaydada qiymətləndirilir", - deyə AMB-dən bildirilib.
Mərkəzi Bank bəyan edib ki, mümkün konsolidasiya proseslərində əsas prioritet maliyyə sabitliyinin qorunması, bankların dayanıqlığının gücləndirilməsi və sağlam rəqabət mühitinin saxlanılmasıdır.
Bildirilib ki, konsolidasiya nəticəsində ayrı-ayrı bankların bazar payının artması sistem əhəmiyyətinin və risk konsentrasiyasının yüksəlməsinə səbəb ola bilər. Bu baxımdan belə proseslərin maliyyə sabitliyinə mümkün təsirləri diqqətdə saxlanılır.
AMB-nin makroprudensial siyasətinin məqsədi sistem risklərinin akkumulyasiyasının qarşısının alınması və maliyyə sisteminin şoklara qarşı dayanıqlığının gücləndirilməsidir.