Kürdəmir rayonunda 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunları və cari ildə qarşıda duran vəzifələrə həsr edilmiş hesabat yığıncağı keçirilib.
Oxu.Az Salamnews-a istinadən xəbər verir ki, rayon İcra Hakimiyyətinin başçısı İrşad Əliyev ötən il rayonda sosial iqtisadi sahədə qazanılan uğurlar barədə ətraflı məlumat verib.
O, rayonda süd emalı zavodunun tikildiyini və rayona yeni içməli su xətti çəkildiyini deyib. Onun sözlərinə görə, ötən il əvvəlki illə müqayisədə ümumi daxili məhsul buraxılışı 14,6 faiz artaraq 386 milyondan 218 min manata çatıb:
“Keçən il tikinti-abadlıq işləri üzrə 18 layihə həyata keçirilib. Prezidentin ehtiyat Fondundan rayona ayrılan 2 milyon manat vəsait hesabına 6 yeni layihə üzrə abadlıq və quruculuq işlərinə başlanılıb. 14 min nəfərdən çox əhalinin yaşadığı 14 kəndi birləşdirən 28 kilometrlik Mollakənd-Axtaçı-Öyləqulu avtomobil yolu tikilib istifadəyə verilib”.
İ.Əliyev 7 kənddə 1 740 şagird üçün nəzərdə tutulmuş yeni məktəb binalarının tikilib istifadəyə verildiyini və əsaslı təmir edilən 157 çarpayılıq xəstəxananın müasir tibbi avadanlıqlarla təchiz olunduğunu söyləyib.
Hesabat yığıncağında ötən illə yanaşı 2014-cü il üçün də qarşıda duran vəzifələr müəyyənləşdirilib.