Kürdəmirdə baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların sayı artıb.
Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, oktyabrın 15-də saat 05:40-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Kürdəmir rayonu, Qarabucaq kəndi ərazisindən yol-nəqliyyat hadisəsi səbəbi ilə çağırış qeydə alınıb.
"Çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib. Təcili tibbi yardım briqadası tərəfindən iki nəfərə (kişi) yerində yardım olunub. Bir nəfərin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb", - deyə məlumatda bildirilir.
Əzizə İsmayılova
Kürdəmirdə baş verən qəzanın səbəbi məlum olub.
Oxu.Az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.
Bildirilib ki, bu gün saat 5 radələrində Mahmud Əliyevin idarə etdiyi "Isuzu" markalı, avtokran tipli avtomobil yol kənarında dayanan Uğurlu Pənəliyevə məxsus "Mercedes" markalı yük avtomobili ilə toqquşub.
İlkin məlumata görə, hadisənin baş verməsinə səbəb M.Əliyevin sükan arxasında yuxulaması nəticəsində avtomobilin idarəetmədən çıxması göstərilir.
"Baş Dövlət Yol Polisi İdarəsi oxşar səbəbdən ağır yol-nəqliyyat hadisələrinin təkrarlanmasından ciddi narahatlığını ifadə edir və sürücülərə, xüsusilə sərnişin və yükdaşıma fəaliyyəti göstərən şəxslərə müraciət edərək onları yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyə, yol hərəkəti qaydalarına, iş və istirahət rejiminə ciddi əməl etməyə, özlərinin və digər hərəkət iştirakçılarının təhlükəsizliyinə, həyat və sağlamlığına biganə yanaşmamağa çağırır", - məlumatda vurğulanıb.
Kürdəmirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Qarabucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, 1966-cı il təvəllüdlü İmişli rayon sakini Mahmud Əliyevin sükanı arxasında olduğu "Isuzu" markalı yük maşını yol kənarında dayanmış "Mercedes" markalı yük maşınına çırpılıb.
Nəticədə "Isuzu" markalı yük maşınında olan sərnişin - 1980-ci il təvəllüdlü İmişli rayon sakini Taleh Cabbarov hadisə yerindəcə dünyasını dəyişib, sürücü isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.