2014-cü ilin yanvar-may ayları ərzində Azərbaycana 3,5 mlrd. manat məbləğində mallar idxal olunub, bu da ötən ilin müvafiq dövrünə nisbətən 19,46% azalma deməkdir.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin hesabatında deyilir.
DGK-nin hesabatına görə, ümumi idxalın azalmasına baxmayaraq, bəzi malların idxalı artıb.
Bu hansı mallardır?
İlk növbədə bu kərə yağına aiddir. Bu məhsulun idxalı ötən ilin müvafiq dövrünə nisbətən 63,46% artıb. Bundan əlavə, ötən il ilə müqayisədə bu məhsulların idxalı çoxalıb: yağlar və piylər – 62,13%, ət – 16,55%, tütün – 19,5% və cüzi miqdarda əczaçılıq məhsulları – 0,66%.
DGK-nın hesabatına görə, cari ilin ilk beş ayında Azərbaycandan 9,48 mlrd. manatlıq mallar ixrac olunub, bu isə ötən ilin müvafiq dövrünə nisbətən 8,55% azalmasını göstərir.
Ümumi ixracın azalmasına baxmayaraq, ötən ilin yanvar-may ayları ilə müqayisədə üç növ malların ixracı artıb: meyvə-tərəvəz – 27,94%, spirtli və spirtsiz içkilər – 11,81%, piylər və yağlar – 6,6%.
Gülnarə Zeynalova
www.oxu.az